ETSN "İnşaatçılar" metro stansiyasının yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb

ETSN "İnşaatçılar" metro stansiyasının yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb Yeni ağacların əkilməsi şərti ilə rəy verilib
Ekologiya
6 Oktyabr , 2016 17:47
ETSN İnşaatçılar metro stansiyasının yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda "İnşaatçılar" metro stansiyasının yaxınlığında oktyabrın 5-də iki ədəd ağacın kəsilməsi ilə əlaqədar sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, bu ilin oktyabr ayında Yasamal rayonu Şərifzadə küçəsi bina 148 ünvanında yaşayan Alim Babayev tərəfindən sözügedən ünvanda qəzalı ağaclara müvafiq rəy verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət edilib. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı təhlükəli vəziyyətdə olan 2 ədəd qovaq ağacı aşkar olunub. Vətəndaşlara və binalara təhlükə yaradacağını nəzərə alaraq qovaq ağaclarının kəsilərək əvəzinə müvafiq torpaq mülkiyyətçisi tərəfindən yeni ağacların əkilməsi şərti ilə rəy verilib.

"Bildiririk ki, mövcud qaydalara əsasən qurumuş 2 ədəd qovaq ağacının kəsilməsi və kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında xidməti sahəsi olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.

ETSN yaşıllıqların qorunması məqsədilə vaxtında məlumat verən bütün vətəndaşlara, KİV nümayəndələrinə minnətdarlığını bildirir və daxil olan belə məlumatların araşdırılması və diqqətdə saxlanılması üçün qanunamüvafiq operativ tədbirlərin görülməsini davam etdirir", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi