Bakı. 12 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər şurasının üzvləri və AMEA-nın Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə əhali arasında, o cümlədən AMEA-nın elmi işçiləri ilə polietilen paketlərin istifadəsinə dair sorğu keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sorğunun nəticələrinə əsasən qadınların cəmi 7,9 %-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır. Yaş qrupu 36-dan yuxarı olan respondentlər arasında çantadan istifadə edənlərin sayı digər yaş qrupları ilə müqayisədə bir qədər çoxdur. Bu da Sovet dönəmində mağazaya gedərkən toxunma çantalardan istifadənin o dövrün insanlarında artıq vərdiş halını almasını göstərir.
Keçirilən sorğuya əsasən demək olar ki, əhali yetərincə plastik qablaşdırmanın və ya polietilen məhsulların ətraf mühitə təsiri barədə məlumatlıdır. Qadınlardan 90,6%, kişilərdən 91,8%-nin bu barədə məlumatı var, respondentlər arasında gənc və yaşlı nəslin nümayəndələri xüsusilə bu barədə geniş informasiyaya sahibdirlər.
Sorğuya əsasən qadınların 88,2%-i, kişilərin isə 90,4%-i eyni məhsulun kağız və ya şüşə qablaşdırmada olmasının tərəfdarıdır.
Dünya iqtisadiyyatında belə bir ifadə var: “mənfəətini güdməyən sahibkar- sahibkar deyildir”. Hər bir market sahibi təbii ki, bu ifadəyə istinadən öz işini qurur və alıcıya “havayı” kimi təqdim olunan sellofan paketlərin dəyəri əslində satışa qoyulan hər bir məhsulun üzərinə hesablanır. Keçirilən sorğuya əsasən qadınların yalnız 29,92%-i, kişilərin isə 43,84%-i bunu bilir: "Keçirilən sorğunun nəticəsindən belə qənaətə gəlmək olur ki, əhali polietilen paketlərin ətraf mühitə mənfi təsirini nəzərə alaraq Nazirliyin bu sahədə apardığı siyasəti dəstəkləyir.
Hər bir vətəndaş eko çantalardan istifadə etməklə, plastik tullantıların idarə olunması məqsədilə plastik butulkaların çeşidləndirmə kampaniyasına qoşulmaqla plastik çirklənmənin qarşısının alınmasına öz töhfəsini vermiş olar.
Unutmayaq, bu gün verdiyimiz hər bir qərar sabah özümüzə qayıdacaq, seçim bizə aiddir. Gəlin təmiz təbiətdə, təmiz gələcəkdə yaşamağı seçək".