ETSN: "Çaylarda sululuq artıb"

ETSN: "Çaylarda sululuq artıb" Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.
Ekologiya
13 Aprel , 2022 13:11
ETSN: Çaylarda sululuq artıb


Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 99 sm, su sərfi 2,1 dəfə, Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 45 sm, su sərfi isə 1,7 dəfə artıb: "Kiçik Qafqazın ərazisindən axan çaylarda 23 faiz, Böyük Qafqaz çaylarında isə 26 faiz artım qeydə alınıb. Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi aprel ayının əvvəlindən bu günə kim Yevlax məntəqəsində 17 sm, Zərdabda 50 sm, Surrada 23 sm, Şirvanda 12 sm, Salyanda 15 sm, Bankədə 15 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm yüksəlib. Çayda suyun həcmi Yevlaxda 19 faiz, Zərdabda 31 faiz, Surrada 19 faiz, Araz çayının Novruzlu məntəqəsində isə 23 faiz artıb. Kür çayının Surra məntəqəsində suyun həcminin artmasına baxmayaraq aşağı ərazilərdə sudan müxtəlif sahələrdə istifadə ilə bağlı suyun həcmində azalma baş verir ki, bu da Salyan və xüsusən də Neftçala rayonu ərazisində axının sürətinin azalmasına gətirib çıxarır”.

Xidmət rəsmisinin sözlərinə görə, Xəzər dənizinin sahilyanı əraziləri üçün xarakterik olan şimal-şərq küləyinin güclənməsi zamanı yaranan dalğalanma nəticəsində Kür çayının məcrasında əks axın baş verir ki, nəticədə çayda duzluluğun miqdarı artır. Belə ki, Kür-Bankə məntəqəsində aprelin 12-də çayda duzluluğun miqdarı 4,1 q/l, 13-də isə 6,3 q/l olub.

Son xəbərlər

Orphus sistemi