"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə "İqlimə Dayanıqlı İnfrastruktur və Nəqliyyat üzrə Yüksək Səviyyəli Sessiya" adlı panel müzakirə baş tutub.
"Report" xəbər verir ki, sessiyada çıxış edən yerli və xarici qonaqlar infrastruktur və nəqliyyat sektorunda iqlim dəyişikliyinə qarşı dayanıqlılığı müzakirə ediblər.
Sessiyada çıxış edən Bakı Limanının Əməliyyatlar üzrə baş direktoru Yevgeni Si (Eugene Seah) deyib ki, Xəzərdə suyun səviyyəsinin azalması yükdaşımalara təsir edir, çünki dərinlik nə qədər az olarsa, gəmi bir o qədər az yük daşıya bilər. O, həmçinin qeyd edib ki, gəmiçilik ətraf mühitin çirklənməsinə mühüm töhfə verir, ona görə də şirkət zərərli emissiyaları minimuma endirməyə çalışır.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib ki, nəqliyyat sektorunda dayanıqlı infrastruktur hökumət üçün əsas prioritetlərdəndir. Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində də iqlim dəyişikliyinə qarşı dayanıqlı infrastruktur üçün işlər görülür.
Nazir müşaviri panel sessiyada məlumat verib ki, Azərbaycan 160 elektrikli avtobus alıb. Həmin avtobuslar yaxın günlərdə ölkəyə gətiriləcək.
Layihələr üzrə Korporativ Nümayəndə heyətinin direktoru Heynrik Kerstgens (Heinrich Kerstgens) bildirib ki, iqlim dəyişikliyinə qarşı tədbir görülməsə, çaylar ticarət üçün yarasız olacaq: "Xəzərdə də bu problem var. Suyun səviyyəsi azalır, ciddi tədbirlər lazımdır. Okeanda suyun səviyyəsi artır. Ölkələrdə daşqınlar tez-tez baş verir. Bu da infrastruktura ciddi ziyan vurur. İnfrastrukturun ziyan görməsi isə maliyyə problemləri yaradır".
"Google" şirkətinin nümayəndəsi Adam Elman deyib ki, süni intellekt vasitəsilə emissiyaların azalmasına kömək etməyə çalışılır: "Süni zəka ilə sürücülərə kömək etməyə çalışırıq. Sürücü yola çıxarkən bu üsulla özünə optimal yol seçir. Tıxaclar üçün də bu işi görürük. Biz texnologiyalar vasitəsilə emissiyaların azalmasına dəstək göstərməyə çalışırıq".
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Cənubi Qafqaz üzrə nümayəndəsi Andriy Maksimoviç (Andriy Maksymovych) qeyd edib ki, infrastruktur layihələri mürəkkəbdir, buna görə də uzunmüddətli maliyyələşdirmə davamlı infrastruktura investisiyaları asanlaşdırmağa kömək edir.
Panel sessiyası müzakirələrdən sonra başa çatıb.