“Son bir neçə ay ərzində ölkə ərazisində hava şəraiti əsasən az yağıntılı olub. Aprel ayının I ongünlüyündə isə ölkə ərazisində yağıntılı hava şəraiti üstünlük təşkil edib”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bəzi rayonlarda, xüsusən də Mərkəzi Aran və Böyük Qafqazın dağətəyi rayonlarında yağıntı intensiv olduğundan aylıq normanın 50-70 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir: “Aylıq proqnoza görə aprel ayı ərzində bəzi dağətəyi və aran rayonlarında yağıntıların norma daxilində və normadan bir qədər çox olacağı gözlənilir. Bu da bitkilərin vegetasiya dövrünə təsadüf etdiyindən kənd təsərrüfatı sahəsinə faydalıdır. Belə ki, taxılçılıq, tərəvəzçilik və digər bitkilərin inkişafında düşən yağıntının əhəmiyyəti böyükdür”.
V.Əliyev onu da qeyd edib ki, atmosfer havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.