Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. O, 65 yaşını qeyd edir.
Şair "Report"a açıqlamasında doğum gününü doğmalarının əhatəsində keçirəcəyini bildirib. Z.Yaqub səhhətinin normal olduğunu da əlavə edib.
O, Almaniyadan növbəti müalicədən qayıtdığını deyib. Növbəti dəfə aprelin 13-də Almaniyaya müalicəyə gedəcəyini deyən xalq şairi ad günündə özünə yalnız can sağlığı arzulayır.
Qeyd edək ki, Yaqubov Zəlimxan Yusif oğlu 1950-ci ildə Borçalı mahalında Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-1972 -ci illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. "Şöhrət" və "Şərəf" ordeni ilə təltif edilib.