Bakı. 22 aprel. REPORT.AZ/ Əvvəllər Tehranda Azərbaycan türkcəsi və fars dillərində nəşr olunan "Varlıq" dərgisi bu ilin iyununda yenidən fəaliyyətə başlayır. Bu barədə jurnalın baş redaktoru Məhəmmədrza Heyət "Report"a bildirib.
Onun sözlərinə görə, jurnal bir neçə aylıq fasilədən sonra yenidən dərc olunacaq: "Rəhmətlik doktor Cavad Heyət belə bir vəziyyətin yaranacağını öncədən bildiyindən mənə dəfələrlə demişdi ki, "Varlıq" dərgisi artıq xalqımıza aid bir məktəbdir. Odur ki, jurnalı yaşatmaq, tutduğu yolu davam etdirmək ən böyük arzumdur. Günün şərtlərinə görə, yayımlanacağı yerdən asılı olmayaraq, bu dərgi keçmişdə olduğu kimi siyasətdən uzaq və mədəni bir jurnal olaraq nəşr edilməlidir. Çünki bizim əsas hədəfimiz xalqımızın maariflənməsidir".
M.Heyət deyib ki, "Varlıq" yeni dönəmdə də dil, ədəbiyyat, tarix və ictimai məsələlərə ağırlıq verəcək: "Keçmiş redaksiya heyəti ilə yanaşı, gənc türkoloq və yazarları da cəlb edəcəyik. Əvvəllər olduğu kimi, jurnalın bir hissəsi Azərbaycan türkcəsində, bir hissəsi isə farsca olacaq. Ən azından Türk Dünyasının hər yerində maraqlananlar üçün ərəb əlifbası ilə yazılan məqalələrin xülasəsi latın əlifbası ilə də veriləcək. Jurnalın keçmiş sayları və yeniləri də dərginin rəsmi saytında yerləşdiriləcək".
Xatırladaq ki, Məhəmmədrza Heyət doktor Cavad Heyətin vəsiyyətinə əsasən baş redaktor olub.