TÜRKSOY Cəfər Cabbarlının dram əsərlərindən ibarət kitab təqdim edib

TÜRKSOY Cəfər Cabbarlının dram əsərlərindən ibarət kitab təqdim edib Türkiyədə Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və seçilmiş dram əsərlərindən ibarət kitabın təqdimat mərasimi keçirilib.
Ədəbiyyat
27 Dekabr , 2024 23:25
TÜRKSOY Cəfər Cabbarlının dram əsərlərindən ibarət kitab təqdim edib

Türkiyədə Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və seçilmiş dram əsərlərindən ibarət kitabın təqdimat mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, mərasim Beynəlxalq Türk Mədəniyyət Təşkilatında (TÜRKSOY) baş tutub.

Tədbir TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlının Ev Muzeyi və Dövlət Teatr Muzeyinin birgə əməkdaşlığı ilə keçirilib.

Mərasimdə respublikamızın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın Türkiyədəki Səfirliyininin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu kafedrasının müdiri İsrafil İsrafilov, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsi Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı Bölümünün professoru Ərdoğan Uygur, Cəfər Cabbarlının ev-muzeyinin direktoru və ədibin nəvəsi Qəmər Bağırova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə uyğunlaşdıran Atabəy Barış və digərləri iştirak edib. Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən film nümayiş edilib, TÜRKSOY tərəfindən nəşr olunan “Cəfər Cabbarlının seçilmiş dramatik əsərləri” kitabı təqdim olunub.

E.Qafarlı qonaqları TÜRKSOY-un baş katibi Sultan Raevin adından salamlayaraq bildirib ki, C.Cabbarlı ömrünün qısa olmasına baxmayaraq Azərbaycan və Türk dünyası çağdaş ədəbiyyatının şair və yazıçılarından biri olmağı bacarıb: “Bu gün hörmətlə yad etdiyimiz ədib Azərbaycan teatr-kino sənətinin inkişafında mühüm rol oynayıb. TÜRKSOY Cəfər Cabbarlının teatr sənətini teatr sevərlərə tanıtmaq üçün dram əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıraraq möhtəşəm kitab hazırladı”.

S.Abbasov, C.Cabbarlının Azərbaycan mədəniyyət və ədəbiyyatının inkişafındakı roluna toxunub.

Q.Bağırova isə bildirib ki, C.Cabbarlı Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətləri olan şəxsdir: “1982-ci ildə Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində həm abidəsi ucaldıldı, həm də ev muzeyinin açılış mərasimi keçirildi. Cəfər Cabbarlı həm də çox böyük türkçü idi. Ömrünün sonuna qədər bu ideyası xüsusilə də “Ədirnənin fəthi” və “Trablus müharibəsi” əsərlərində əks olundu. Bugünkü tədbirin keçirilməsinə görə Cəfər Cabbarlı ailəsi adından TÜRKSOY-a təşəkkür edirəm”.

“Cəfər Cabbarlının seçilmiş dramatik əsərləri” kitabının müəllifi olmaqdan qürur duyduğunu deyən Ərdoğan Uygur, isə ədibi çıxışla anlatmağın qeyri-mümkün olduğuna diqqət çəkib: “Cəfər Cabbarlı dramaturq kimi məşhurlaşmazdan əvvəl şair kimi önə çıxdı, sonra dram əsərlər yazmağa başladı. Azərbaycan ədəbiyyatının simvol şəxsiyyətləridən birdir. Həyatı və ədəbi fəaliyyətində şeirlər, pyeslər yer alır. Mirzə Ələkbər Sabirdən təsirlənərək əsərlərində soisal ədalətsizlik, cəhalət, tamahkarlıqdan bəhs edib. Eyni zamanda ədəbiyyata yeni mövzular qazandırıb”.

Natiq, C.Cabbarlının 1918-1920-ci illərdə türkçülük və millətçilik fəaliyyətləri ilə məşğul olduğuna, sovet dönəmində isə fərqli cərəyanda yaradıcılıq işləri ilə məşğul olduğunu bildirib: “Cəfər Cabbarlı iki dönəmin adamı olub: 1918-1920 və 1920-ci ildən sonrakı dönəm. 1918-1920-ci illərdə “Azərbaycan” qəzetində çalışıb, millətçilik və Turançılıq cərəyanı istiqamətində ədəbiyyata da nüfuz edən Cabbarlı, sovet dönəmində yaradıcılığına bir qədər ara verib. Bu arada isə “Aydın” pyesini yazıb. Sovet dövlətinin kriteriyalara uyğunlaşmaq lazım idi: yeni cərəyan sosialist realizm oldu. “Sevil” və “Almaz” pyesləri də bu cərəyanın nümunəsidir. Yazar sadə və axıcı dildə yazıb. Yaşadığı ölkənin gerçəklərinə görə hərəkət edən, Azərbaycan ədəbiyyatında mühüm yer tutan şəxsiyyət olub.

C.Cabbarlının 35 il ərzində gördüyü işləri xatırladan İsrafi İsrafilov isə “Türk dünyasında ədibə bənzər şəxsiyyət tanımıram”, - deyib. Natiq onu da bildirib ki, dramaturq böyük aktyor nəslinin yetişməsinə səbəb olub: “125 il keçməsinə baxmayaraq ikinci Cəfər doğulmadı”.

Tədbirin sonunda iştirakçılara TÜRKSOY-un baş katibi Sultan Raev adından medallar təqdim olunub, kollektiv foto çəkilib.

Son xəbərlər

Orphus sistemi