"Söz” ədəbi layihəsinin təqdimatı keçirilib

"Söz” ədəbi layihəsinin təqdimatı keçirilib Təqdimat mərasimində Argentina, İspaniya, Böyük Britaniya, Rusiya və Yunanıstanın Azərbaycandakı səfirliklərinin təmsilçiləri şeirlər söyləyiblər
Ədəbiyyat
16 Noyabr , 2015 17:48
Söz” ədəbi layihəsinin təqdimatı keçirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, Bakıdakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edib.

Tədbiri layihənin rəhbəri Nigar Həsənzadə açaraq layihə haqqında məlumat verib. N.Həsənzadə, “Söz” ədəbi layihəsinin Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılmasına, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılmasına, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi daşıdığını bildirib.

O vurğulayıb ki, layihə Azərbaycanda ədəbi və mədəni inkişafa öz töhfəsini verəcək: “Biz ədəbi axşamlar ənənəsini bərpa etmək üçün hər ay iki dəfə belə tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Bu tədbirlərdə arzu edənlər ölkəmizin ədəbiyyat korifeyləri, gənc yazarlar, eləcə də dünya ədəbiyyatı nümayəndələri ilə tanış ola biləcəklər”.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar sözün insan həyatında və ünsiyyətində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Yazıçı ədəbiyyata və söz sənətinə xidmət edən layihənin müsbət nəticələri olacağına əminliyini ifadə edib: “Bütün etiqadlara görə həyatı yaşadan amillərdən biri də sözdür. Bizim ədəbiyyatımızı yaradan böyük söz ustalarının təbliğ edilməsinə bu gün çox böyük ehtiyacımız var. Son dövrlər müxtəlif səbəbdən ədəbiyyata maraq azalıb. Düşünürəm ki, həyata keçirilən bu cür layihələr həm ədəbiyyata, həm də ədəbiyyat adamlarına yenidən artmasına töhfə olacaq”.

Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin nümayəndəsi Əli İhsan Çevik, Argentina, İspaniya, Böyük Britaniya, Rusiya və Yunanıstanın Azərbaycandakı diplomatları şeirlər söyləyib və çıxışlarında tədbiri maraqla qarşıladıqlarını bildiriblər.

Qeyd edilib ki, belə tədbirlər Azərbaycan ədəbiyyatının tanıdılmasına, dünya ədəbiyyatının nümayəndələrinin təbliğinə, eyni zamanda ölkələr arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.

Sonra Azərbaycan kinosunun dəyərli nümunələrindən olan “Dədə Qorqud” filmindən fraqmentlər nümayiş olunub və bir sıra şeirlər səslənib. 

Son xəbərlər

Orphus sistemi