Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın ilk xalq şairi, əməkdar incəsənət xadimi, iki dəfə Stalin mükafatı laureatı Səməd Vurğunun anadan olmasından 110 il ötür. 1906-cı il martın 21-də dünyaya gələn görkəmli şairin yubileyi ilə bağlı olaraq martın 29-da tədbir keçiriləcək.
Bu barədə "Report"a AYB sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
"Martın 29-u saat 12.00-də şairin Fəxri Xiyabandakı məzarı ziyarət ediləcək. Saat 14.00-də isə Azərbaycan Yazıçılar Birliyində Səməd Vurğuna həsr edilən tədbir keçiriləcək."
Xatırladaq ki, bu il böyük şair Səməd Vurğunun anadan olmasından 110, dünyasını dəyisməsindən isə 60 il vaxt ötür.
1906-cı il martın 21-də Qazax mahalının Yuxarı Salahlı kəndində doğulan şair, 1956-cı il mayın 27-də 50 yaşında dünyasını dəyişib.