Bakı. 16 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun növbəti birgə layihəsi olan “Qarabağ mifləri” nəşri Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Elmi-Metodiki Mərkəz açıqcalar toplusundan ibarət nəşri qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması, ümumilikdə milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi, Qarabağın nə qədər zəngin folklora sahib olduğunu sübut etmək məqsədi ilə yayımlayıb.
Nəşrdə Qarabağ və yaxınlıqda yerləşən rayonların sakinlərinin dilindən toplanmış əfsanə və rəvayətlər, onların dünya görüşləri, müxtəlif mifoloji obrazlar əks etdirilib və açıqcalardakı cizgilərin hamısı rəvayətlərə uyğun şəkildə çəkilib.
Topunu AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəzin işçisi İrina Özçoban və Günel Şimşək hazırlayıblar.