Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 15-dən Nizami Kino Mərkəzində Türkiyənin “Çaqqallarla dans 4”, ABŞ-ın “Qonşu” və “Xəyali gözəllik”, həmçinin milli “Həddən artıq uyğunluq” filmlərinin nümaişi başlanıb.
Mərkəzdən "Report"a verilən məlumata görə, AF.Media şirkətinin təqdimatı ilə Azərbaycan dilində subtitrlərlə nümayiş olunan “Çaqqallarla dans 4” filmi rejissor Murad Şəkər tərəfindən komediya janrında çəkilib. Yaş həddi: 16+
Filmin məzmunu ondan ibarətdir ki, Servet, Gökhan, Necmi və Hikmət maddi sıxıntılar səbəbindən eyni evdə yaşamağa məcbur qalırlar. Mənzil yoldaşlığı onlar üçün çox çətin olur. Lakin bir gün bərbər Hüseyn qardaş qəhrəmanlarımızın qarşısına bir planla çıxır....
Baş rollarda Şevket Çoruh, İlker Ayrik, Timur Acar və Murat Akkoyunlu çəkiliblər.
“Qonşu” filminin ssenari müəllifi və rejissoru Markus Danstendir. Kinolent qorxu, triler və kriminal janrında çəkilib. Yaş həddi: 18+
Conla Rozi xoşbəxt həyat xəyalı qururlar. Bir məsələni bitirdikdən sonra keçmişi arxada qoyacaqlar. Amma taleyin planları başqadı...Bir gün evə döndükdə o, Rozinin yoxa çıxdığını anlayır. Rozinin axtarışına çıxan Con qonşunun evinə daxil olur. Orada qarşılaşdığı dəhşətlər, onun ən qorxulu kabusları ilə müqayisədə uşaq oyuncağına bənzəyir...
Baş rollarda Coş Stüart, Lük Edvards, Mellisa Bolona, Aleksandr Essou, Bill İnqvall, Jaklin Fleminq, Skipp Saddat, Ronni Cin Blevins, Devid Kallauey, Hezer Uilyams çəkiliblər.
“Xəyali gözəllik” dramını rejissor Devid Frenkel Alan Lobun ssenarisi əsasında çəkib. Filmin şüarı: “Hamımız bir-birimizə bağlıyıq”. Yaş həddi: 14+
Filmin baş qəhrəmanı Nyu-Yorkun reklam agentliyində çalışır. Bir müddət əvvəl, o şəxsi həyatında baş vermiş faciə nəticəsində dərin depressiyaya uğrayır. Onu bu haldan çıxarmaq üçün iş yoldaşları qeyri-adi plan hazırlayırlar. Lakin, bu plan gözlənilməz nəticələrlə bitir...
Rollarda aktyorlar Uill Smit, Edvard Norton, Keyt Uinslet, Maykl Penya, Helen Mirren, Naomi Harris, Kira Naytli, Ceykob Latimor, Enn Daud və Liza Kolon- Zayas çəkiliblər.
Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunur.
“Həddən artıq uyğunluq” filmini azərbaycanlı qadın rejissor Ülviyyə Könül romantik komediya janrında çəkib. Yaş həddi: 14+
Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar.
Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda? Bəlkə də, heç görüşməyəcəklər...
Baş rollarda aktyorlar Tural Əsədov, Aydan Axundzadə, xalq artisti Afaq Bəşirqızı və Kamran Ağabalayev çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl