İtaliyada keçirilən “Nəsimi günləri” çərçivəsində Roma Sapienza Universitetində dahi şair və mütəfəkkir Nəsiminin 650 illiyi qeyd olunub və italyan dilinə tərcümə edilən “Nəsimi poeziyası” kitabının təqdimat mərasimi keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Report”a verilən məlumata görə, Fondun, Azərbaycanın İtaliyadakı səfirliyi, Beynəlxalq Roma Sapienza Universiteti və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkil etdiyi tədbirdə universitetin professor və müəllim heyəti, alimlər, azərbaycanlı və italyan tələbələr, diaspor nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Roma Unitelma Sapienza Universitetinin rektoru, Sapienza Fondunun rəhbəri Antonello Biacini ilə görüşündə Fond ilə İtaliyanın ali təhsil ocaqları arasında əməkdaşlıq imkanlarını müzakirə edib. G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək, gələcəkdə universitetdə Türk Dünyası Mərkəzinin yaradılmasını təklif edib. Daha sonra tərəflər arasında birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə də iştirak edib.
Tədbiri açan universitetin professoru Daniel Pommier Vinçelli Azərbaycan mədəniyyətinin İtaliyada təbliği istiqamətində Roma Sapienza Universitetinin fəaliyyətinin, bu xüsusda keçirilən bugünkü tədbirin əhəmiyyətindən danışıb. O, tədbir təşkilatçılarına təşəkkür edərək, bu cür tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.
Universitetin professorları Fabio Qrassi və Karlo Çereti Nəsiminin həyat və yaradıcılığından bəhs edərək, onun ədəbi irsinin dünya səviyyəsində araşdırılmasının vacibliyini vurğulayıblar.
G.Əfəndiyeva “Nəsimi ili” ilə bağlı bu il ərzində Azərbaycanda görülən işlər barədə məlumat verərək bildirib ki, bir neçə gün əvvəl ölkəmizdə Prezident
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dünya poeziyasının kamil nümunələri sırasında xüsusi yer tutan dahi mütəfəkkir Nəsimi yaradıcılığına həsr olunmuş bu təqdimatın təşkilinə görə Roma Sapienza Universitetin rəhbərliyinə təşəkkürünü bildirib, bu kimi tədbirlərin keçirilməsinin Azərbaycanla İtaliya arasında humanitar və akademik sahələrdə münasibətlərin genişləndirilməsinə xidmət göstərdiyini vurğulayıb. O, təhsil sahəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.
“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti çıxışında Azərbaycan mədəniyyətini, ədəbi irsini təşviq edən nəşrlərdən söz açaraq, Fond ilə əməkdaşlığı yüksək qiymətləndirib. O eyni zamanda Azərbaycanın İtaliyadakı səfirliyinin bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab edib.
Nəsiminin əsərlərinin italyan dilinə tərcüməçisi Marilena Rea kitab üzərində çalışdığı zaman yaşadığı dərin duyğuları dilə gətirib.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış Nəsiminin həyat və yaradıcılığı haqqında “Əbədi eşq günəşi” adlı sənədli film nümayiş olunub. Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Mehriban Zəkinin, eləcə də italyan tələbələrin ifasında Nəsiminin qəzəl və rübailəri səslənib.
Qeyd edək ki, İtaliyada Neapol şəhərindən başlayan “Nəsimi günləri”nin sonuncu tədbiri Venesiya şəhərində davam etdiriləcək.