Bakı. 23 mart. REPORT.AZ/ Martın 20-si Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, şair, ictimai xadim Cəfər Cabbarlının doğum günüdür. Bu münasibətlə martın 22-də Beynəlxalq Muğam Mərkəzində "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib.
"Report" xəbər verir ki, gecədə Cəfər Cabbarlı irsinin araşdırıcıları, mədəniyyət və incəsənət xadimləri, həmçinin, C.Cabbarlının ailə üzvləri - nəvələri, nəticələri və yeganə yadigarı Cabbarlı ocağının qoruyucusu Gülarə Cabbarlı iştirak edib.
Tədbir Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəzi, Cəfər Cabbarlının Ev-muzeyi və “Yeni Yurd” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutub.
Ədəbi-bədii gecə Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb.
Daha sonra tədbir Cəfər Cabbarlının həyat və yaradıcılığından ibarət videoçarxın nümayişi ilə davam edib.
AYB-nin sədri, xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvi, Milli Məclisin deputatı Nizami Cəfərov, filologiya elmlər doktoru Asif Rüstəmli Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı, kinosu, teatrında gördüyü böyük işlərdən, yorulmaz fəaliyyətindən danışıb.
AYB-nin sədri, xalq yazıçısı Anar Cəfər Cabbarlının Azərbaycan milli məfkurəsində silinməz iz qoyduğunu dilə gətirərək, ədibin "Trablis müharibəsi və Ədirnə fəthi" dramına görə Nuru paşanın şəxsi medalı ilə təltif edildiyini xatırladıb. Azərbaycan dramaturgiyasında M.F.Axundov və Cəlil Məmmədquluzadədən sonra Cəfər Cabbarlının əsərlərinin mühüm yer tutduğunu deyən Anar Cabbarlının bütün əsərlərində bu günlə səsləşən və heç zaman köhnəlməyən fikirlərin olduğunu bildirib.
Tədbirdə C.Cabbarlının Ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı böyük ədibin adını daşıyan mükafat haqqında məlumat verib və C.Cabbarlı mükafatı Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkayaya təqdim edilib.
Cəfər Cabbarlının yeganə yadigarı, ədibin qızı Gülarə Cabbarlı "Report"a açıqlamasında atası haqqında xatirələrini bölüşüb. Atasını itirəndə 4 yaşı olmasına baxmayaraq, onu xatırladığını deyən Gülarə xanım onu xüsusi məhəbbətlə sevdiyini dilə gətirib: "Onun şeirlərinin az qala hamısı yadımdadır. Heç zaman unuda bilmirəm. Hər gün əzbər deyirəm. Atam çox mehriban, ailəcanlı, səmimi insan olub. Anamı və bizi çox istəyib. Qısa ömrünə baxmayaraq, nələr yazıb, nələr yaradıb. İndi düşünəndə adam heyrətə gəlir. Atamla bağlı ən şirin xatirələr hafizəmdən çıxmır"
Qeyd edək ki, "Bahar oğlu" adlı ədəbi-bədii gecə Cəfər Cabbarlının sözlərinə yazılan mahnılar, tamaşalara yazdığı musiqi nömrələri ilə davam edib.