Türkmənistanın Azərbaycandakı səfirliyi Beynəlxalq Türk Xalqları Mədəniyyət və İrs Fondu ilə birlikdə böyük türkmən mütəfəkkiri və şairi Məhtimqulu Fraqinin anadan olmasının 300 illiyi münasibətilə onun "Aşık bolmuşam" adlı şeirlər toplusunun rəsmi təqdimatını keçirib.
“Report” bu barədə Türkmənistan səfirliyinin məlumatına istinadən xəbər verir.
"Məhtimqulu Fraqi ağıl dəryası" ili çərçivəsində türkmən və Azərbaycan dillərində keçirilən təqdimat 7 oktyabr 2024-cü ildə Bakıda baş tutub.
Təqdimatda xarici ölkələrin diplomatik missiyalarının nümayəndələri, Azərbaycanın tanınmış mədəniyyət xadimləri, şairlər, yazıçılar, alimlər və tələbələr iştirak ediblər.
Beynəlxalq Türk Xalqları Mədəniyyət və İrs Fondunun prezidenti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının alimləri çıxış edərək müdrik şairin ictimai dəyərə çevrilmiş seçilmiş əsərlərinin daxil edildiyi nəşrin əhəmiyyətini vurğulayıblar.
Həmçinin rəsmi təqdimat mərasimi çərçivəsində Məhtimqulu Fraqinin Azərbaycan dilində nəşr olunmuş şeir topluları və kitablarının sərgisi təşkil edilib.