Ankarada Füzulinin 530 iliyi ilə əlaqədar beynəlxalq simpozium və bədii gecə keçirilib

Ankarada Füzulinin 530 iliyi ilə əlaqədar beynəlxalq simpozium və bədii gecə keçirilib Türkiyənin paytaxtı Ankarada, Qazi Universitetində Azərbaycanın dünya şöhrətli şair və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqdar “Beynəlxalq Füzuli Simpoziumu” və bədii gecə keçirilib.
Ədəbiyyat
9 Oktyabr , 2024 23:02
Ankarada Füzulinin 530 iliyi ilə əlaqədar beynəlxalq simpozium və bədii gecə keçirilib

Türkiyənin paytaxtı Ankarada, Qazi Universitetində Azərbaycanın dünya şöhrətli şair və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqdar “Beynəlxalq Füzuli Simpoziumu” və bədii gecə keçirilib.

“Report”un Ankara bürosu xəbər verir ki, tədbir Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Kültürünü Araştırma İnstitutu və ölkəmizin Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Simpoziumda alim, yazıçı və şairlərlə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türk Mədəniyyətinin Tədqiqi İnstitutunun direktoru, professor Bican Ercilasun, Əmrə Yunus İnstitutunun direktoru, professor Abdurrahman Ali, Qazi Universitetinin rektoru Uğur Ünal iştirak ediblər.

Bildirilib ki, Füzuli irsi ədəbiyyat və fəlsəfənin zirvəsi olmaqla yanaşı, həm də Türk dünyasını birləşdirməkdə yüksək xidmətlər göstərib.

Azərbaycan ədəbiyyatında həm ana dilimizdə, həm də ərəb və fars dillərində ədəbi əsər nümunələrinin müəllifi olan Füzuli kimi başqa şair yoxdur.

Füzulinin hələ sağlığında əsərlərinin türk ədəbiyyatının incisi hesab olunduğu qeyd edilib.

İ.Həbibbəyli şairin yaradıcılığından bəhs edən kitabı Qazi Universitetinə hədiyyə edib.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya təqdim olunub.

İ.Həbibbəyli çıxış edərək deyib ki, Füzuli qəzəlləri əsasında muğam sənəti 500 ildir ki, inkişaf edir.

“TRT Türkü” radiokanalının “Azerbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin əsərlərindən ifalar edib. Azərbaycanlı müğənni, Beynəlxalq Muğam Mərkəzinin solisti, VI “Muğam” müsabiqəsinin qalibi Almaxanım Əhmədli, tarda Səxavət Məmmədov, kamançada Elvin Novruzov, elektropianoda Elxam Baxışov isə Füzulinin qəzəllərindən ibarət musiqi nümunələri səsləndiriblər.

Qeyd edək ki, simpoziumun işinə alimlərin və ədəbiyyatşünasların Füzuli irsi mövzusunda çıxışları ilə oktyabrın 10-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi