"Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir. Yığma heç vaxt 11 metrlik cərimə zərbələrində məğlub olmayıb. Fikrimcə, bu yolla finala da çıxmaq mümkün olacaq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Braziliyanı penaltilər seriyasında üstələyərək, yarımfinala adlaması barədə "Match TV"yə müsahibəsində deyib.
Hazırda Azərbaycan millisinin formasını geyinən 31 yaşlı yarımmüdafiəçi bildirib ki, matçdan öncə hamı "sambaçılar"ın favorit olduğunu düşünürdü: "Amma xorvatlar xarakter nümayiş etdirdilər və yarımfinala vəsiqə qazandılar. Onlara görə çox sevinirəm".
"Damalılar" finala gedən yolda Argentina seçməsi ilə qarşılaşacaq. Ozozbiç "Komandanız Messini dayandıra biləcəkmi" sualına bu cür cavab verib: "Onu sevirəm və uğurlar arzulayıram. Amma düşünürəm ki, Messi bu dəfə də dünya çempionu ola bilməyəcək. Cənubi amerikalıların Niderlandla oyunu izlədim. Görüş çox çətin keçdi. Argentinalılar temperamentlidirlər. Hesab edirəm ki, Xorvatiya daha yaxşı oynayacaq və onlara qalib gələcək".
Təcrübəli oyunçu Xorvatiya millisinin ən yaxşı futbolçusunun adını da açıqlayıb: "Mənə görə Luka Modriç həmişə bir nömrədir. Bu səbəbdən məhz onu seçərdim. Modriç "Qızıl top" mükafatını qazanan yeganə xorvatiyalıdır. Eyni zamanda, Dominik Livakoviç də yaxşı qapıçıdır, cari mundialda bir neçə penalti qaytarıb. Komandamız üçün çox vacib oyunçudur".
Yarımmüdafiəçi xorvatları baxımsız futbol sərgiləməkdə ittiham edənlərə də cavab verib: "Bəziləri çox şey deyə bilər, amma biz millini yarımfinalda görürük. Bunu söyləyənlər artıq evə gedib, biz isə hələ də buradayıq. Dünya çempionu ola bilərikmi? Görəcəyik. Yığmada bunun üçün bütün lazımi keyfiyyətlər var".
Qeyd edək ki, Argentina və Xorvatiya yığmaları arasında yarımfinal matçı dekabrın 13-də keçiriləcək.