DÇ-2022: Braziliya rekord axtarışında, Portuqaliyanın cənubi amerikalılara qarşı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Braziliya rekord axtarışında, Portuqaliyanın cənubi amerikalılara qarşı uğursuzluğu - TƏHLİL Qətərdə keçirilən dünya çempionatında G qrupunun II turunda Kamerunla üz-üzə gələcək Serbiya daha əvvəl 2010-cu ildəki yoldaşlıq matçında rəqibini 4:3 hesabı ilə məğlub edib.
Dünya Çempionatı - 2022
28 Noyabr , 2022 11:26
DÇ-2022: Braziliya rekord axtarışında, Portuqaliyanın cənubi amerikalılara qarşı uğursuzluğu - TƏHLİL

Qətərdə keçirilən dünya çempionatında G qrupunun II turunda Kamerunla üz-üzə gələcək Serbiya daha əvvəl 2010-cu ildəki yoldaşlıq matçında rəqibini 4:3 hesabı ilə məğlub edib.

"Report" xatırladır ki, Serbiya ilk turda Braziliyaya 0:2, afrikalılar İsveçrəyə 0:1 hesabı ilə uduzublar.

Afrika təmsilçiləri ilə mundiallarda daha əvvəl iki dəfə qarşılaşan serblər 2006-cı ildə Fil Dişi Sahilinə 2:3, 2010-cu ildə Qanaya 0:1 hesabı ilə yeniliblər.

Turnirdə son səkkiz görüşündə məğlub olan Kamerun seçməsi (2002, 2010, 2014, 2022) antirekordu təkrarlaya bilər. Meksika yığması 1930 - 1958-ci illərdə ardıcıl 9 dəfə uduzub. Yarışdakı son on oyunun səkkizində qapısında qol görən Serbiya kollektivi bunların altısında iki və daha artıq qol buraxıb. Kamerun millisi köhnə qitə təmsilçilərinə qarşı 15 görüşün (9 məğlubiyyət, 5 heç-heçə) sadəcə birində qələbə qazanıb. Mundialdakı əvvəlki 12 qarşılaşmasında qələbə qazanmayan komanda avropalılardan sadəcə Rumıniyanı 1990-cı ildə 2:1 hesabı ilə məğlub edib.

G qrupunun digər matçında beşqat dünya çempionu Braziliya İsveçrəni sınağa çəkəcək. "Sambaçılar" 1950 (2:2) və 2018-ci (1:1) illərdəki yarışda rəqibi ilə heç-heçə edib. Avropa təmsilçisi cənubi amerikalılara qarşı son dörd oyunun ikisində (1 heç-heçə, 1 məğlubiyyət) qələbə qazanıb. İsveçrə yığması Cənubi Amerika komandaları ilə əvvəlki 8 duelin birində (5 məğlubiyyət, 2 heç-heçə) qalib gəlib. Mundiallardakı son 16 qarşılaşmada uduzmayan Braziliya bu görüşdə də məğlub olmasa, ilkə imza atacaq.

H qrupunda II tura Cənubi Koreya - Qana oyunu ilə start veriləcək. Asiyalılar ilk turda Uruqvayla qolsuz heç-heçə razılaşıbsa, Qana Portuqaliyaya uduzub - 2:3. 2014-cü ildəki hazırlıq görüşündə afrikalılar rəqibinə dörd cavabsız qolla qalib gəliblər. Koreyalılar Afrika təmsilçiləri ilə turnir tarixində 3 dəfə üz-üzə gəlib. 2006-cı ildə Toqoya (2:1) qalib gələn komanda 2010-cu ildə Nigeriya ilə (2:2) heç-heçə edib. Cənubi Koreya yeganə məğlubiyyətini 2014-cü ildə Əlcəzairdən (2:4) alıb. Ardıcıl beş qarşılaşmasında qələbə qazana bilməyən Qana seçməsi məğlub olacağı təqdirdə ardıcıl ikinci (daha əvvəl 2014) dəfə qrupda qalacaq. Afrikalılar 2006 və 2010-cu illərdəki mundiallarda pley-offa vəsiqə qazanmışdı.

H qrupunun növbəti, günün isə sonuncu matçında Portuqaliya və Uruqvay yığmaları münasibətlərə aydınlıq gətirəcək. Cənubi Amerika təmsilçisi 2018-ci ildə bu komandanı play-offda mübarizədən kənarlaşdırmışdı. İlk dünya çempionu Avropa komandalarına qarşı son beş oyunun dördündə qələbə qazanıb. Portuqaliya kollektivi isə cənubi amerikalılara qarşı əvvəlki doqquz duelin sadəcə birində (5 məğlubiyyət, 3 heç-heçə) sevinə bilib. 2016-cı ildə qitə çempionu olan portuqallar 2014-cü ildə Argentinanı yoldaşlıq qarşılaşmasında yenib - 1:0.

Qeyd edək ki, Kamerun - Serbiya görüşü Bakı vaxtı ilə saat 14:00-da, Cənubi Koreya- Qana matçı saat 17:00-da, Braziliya - İsveçrə qarşılaşması saat 20:00-da, ortuqaliya - Uruqvay oyunu isə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi