Azərbaycanda 2019-2020-ci illərdə “Səbail” klubunun formasını geyinmiş Maykl Essyen Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçularının adlarını açıqlayıb.
“Report” xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçi mundialda hər mövqe üzrə ən yaxşı hesab etdiyi oyunçunu müəyyənləşdirib.
Qanalı məşhur mütəxəssisin fikrincə, ən yaxşı qapıçı Argentina yığmasının qolkiperi Emiliano Martines, ən yaxşı müdafiəçi Fransa millisinin üzvü Rafael Varan, ən yaxşı yarımmüdafiəçi isə İngiltərə seçməsinin formasını geyinən Cud Bellingemdir. Essyen DÇ-2022-nin futbolçusu nominasiyasında Argentina yığmasının kapitanı Lionel Messini hamıdan üstün hesab edib.
Maraqlıdır ki, son klubu 2020-ci ilin yayında “Səbail” olan Maykl Essyen karyerasını bərpa etməyə ən yaxın olan sabiq oyunçu kimi özünü göstərib.
Qeyd edək ki, DÇ-2022-nin final oyunu dekabrın 18-də Fransa və Argentina yığmaları arasında keçiriləcək.