Xaçmazda yaşayan pravoslavlar Milad bayramını qeyd ediblər.
"Report"un Şimal bürosunun məlumatına görə, Müqəddəs Möcüzəvi Nikolay Kilsəsində baş keşişi, Birinci Qarabağ müharibəsinin iştirakçısı ieromonax Georgi Budaqovun iştirakı ilə müxtəlif dini ayinlər icra olunub.
Bayram mərasimində Prezident İlham Əliyevin Azərbaycanın Provaslav xristian icmasına təbriki oxunub. Vurğulanıb ki, Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.
Dini ayinlərin icrasından sonra bayram süfrəsi açılıb.
Bayrama xüsusi hazırlıq görən icma üzvləri özlərinə məxsus şirniyyat məmulatlarını süfrəyə düzüblər.
Tolerantlığın bariz nümunəsi olaraq 25-ə yaxın etnik azlıq və millətin kompakt yaşadığı Xaçmazda yerli xristianlarla yanaşı, rayonun müsəlman sakinləri də qonaq qismində bayram tədbirində iştirak ediblər.
Qeyd edək ki, Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilir.