Vatikanda Papanın son vəziyyəti açıqlanıb
- 13 mart, 2025
- 06:36
Fevralın 14-dən xəstəxanada pnevmoniyadan müalicə alan 88 yaşlı Papa Fransiskin vəziyyəti stabildir.
“Report” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilir.
Vatikan qeyd edib ki, tədqiqatların nəticələri, o cümlədən döş qəfəsinin rentgenoqrafiyası ümumi yaxşılaşmanı təsdiqləyir. Həkimlər, müalicənin nəticə verdiyi kompleks bir klinik mənzərənin davamlılığını qeyd edirlər:
“Papa gündüzlər burun boruları, gecələr isə süni ventilyasiya vasitəsilə oksigen almağa davam edir”, - deyə məlumatda bildirilir.
Fransisk 1992-ci il mayın 20-də Papa II İoann Pavel tərəfindən Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. Bir neçə müxtəlif titul və vəzifələrdən sonra Papa II İoann Pavel ona 2001-ci ildə kardinal keşiş titulu verərək Kardinallar Heyətinə seçib. Fransisk həm Argentina, həm də İtaliya vətəndaşlığına malikdir. Bundan əlavə, kardinal olmaqla o, Vatikan vətəndaşlığını da alıb.
Roma Katolik Kilsəsinin keçmiş rəhbəri XVI Benedikt bu vəzifədən 2013-cü ildə istefa verib və Fransiskin Papa seçilməsi 2013-cü il martın 13-də Vatikanda Sikstin Kapellasının bacasından qalxan ağ tüstü ilə dünyaya elan edilib. O, ikigünlük qısa seçim prosesindən sonra 115 kardinal arasından seçilib və 266-cı Papa olub. Fransisk Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papadır.