Ucarda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib

Ucarda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib Səyyad Salahlı: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib"
Din
4 Noyabr , 2016 19:02
Ucarda Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili mövzusunda tədbir keçirilib
Bakı. 4 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ucar şəhər Heydər Əliyev Mərkəzində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.
Komitədən "Report"a bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar Rayon İcra Hakimiyyəti başçısının müavinləri Əliş Cəbrayılov, Şəhla Abdullayeva, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məhəmməd Bayramov, Dövlət Təhlükəsizliyi Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Araz Əhmədov, dini icma sədrləri, din xadimləri, və ziyalılar iştirak ediblər.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini deyib. O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin inkişafı, dini radikalizm və ekstremizmin fəsadları ilə mübarizə metodları istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov və Dövlət Təhlükəsizliyi Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Araz Əhmədov məruzə ilə çıxış ediblər. Natiqlər ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyiblər.

Tədbirdə, həmçinin Ucar şəhər “Cami” məscidinin axundu Elnur Rəhimov və Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri və axundu Zaur Eyvazov mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.  

Son xəbərlər

Orphus sistemi