Bakı. 4 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü əlaqədar “Təzəpir” Məscidində qan verib.
“Report”un məlumatına görə, Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, QMİ sədrinin qardaşı, deputat Cavanşir Paşazadə də qan verərək aksiyaya qoşulublar.
Qeyd edək ki, Aşura günü ilə əlaqədar qanvermə aksiyası bu gün səhər saatlarından başlanıb.
QMİ Aşura günündə 14 məscid və ziyarətgahda qanvermə aksiyası keçirir. Bunlar Yasamal rayonu “Təzə-pir” məscidi, Yasamal rayonu “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu “Əjdərbəy” məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər “Cümə” məscididir.