Mübariz Qurbanlı QMİ-nin məscidlərə təyin edilən din xadimlərini “imam” adlandırmasına münasibət bildirib

Mübariz Qurbanlı QMİ-nin məscidlərə təyin edilən din xadimlərini “imam” adlandırmasına münasibət bildirib “Bu addım çox önəmlidir, əhəmiyyətlidir”
Din
25 Sentyabr , 2017 17:25
Mübariz Qurbanlı QMİ-nin məscidlərə təyin edilən din xadimlərini “imam” adlandırmasına münasibət bildirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report

İstanbul. 25 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının məscidlərə təyin edilən din xadimlərinin “imam” adlandırılması qərarına münasibət bildirib.

İstanbulda səfərdə olan M.Qurbanlı “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib ki, Azərbaycanda məscidlərə və onun idarəçiliyinə cavabdeh qurum Qafqaz Müsəlmanları İdarəsidir: “Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi fəaliyyət göstərən məscidlərə rəsmi din xadimləri təyin olunur. Bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının toplantısı keçirilərkən Şeyxülislam həzrətləri təklif etdi ki, Azərbaycanda din xadimləri vahid sistem əsasında, eyni ad altında təmsil olunsun. Həmin Qazılar Şurasındakı müzakirənin nəticəsində səsvermə ilə qərara alındı ki, bundan sonra Azərbaycanda məscidlərə təyin olunan din xadimləri “imam” adlandırılsın. Buna qədər də “imam” termini Azərbaycan məscidlərində işlədilirdi. Biz islam həmrəyliyi, vəhdət istiqamətində siyasətimizi həyata keçirdiyimizə görə, məscidlərə təyin olunan din xadimlərini məzhəbə görə adlandırmağın doğru olmadığını açıq şəkildə bildirdik və Şeyxülislamın bu təklifi də Qazılar Şurası tərəfindən təsdiq olundu. İndi Azərbaycanda din xadimlərinin təyinatı zamanı müxtəlif dini vəzifə adları müəyyən edilib. Bunlardan “mütəvəli” , "imamnaib", “imam”, “Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi”, “Qafqaz Müsəlmanları İdarəsinin Şeyxülislamı tərəfindən təyin olunmuş qazılar” . Bunlar Azərbaycanda din sahəsində, dini idarəçilikdə çalışacaq vəzifəli din xadimlərinin təyin edildiyi vəzifələrdir. Burada heç bir ayrı-seçkilik yoxdur, bu, bir sistemdir və bundan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçiriləcək . Orada din xadimlərinin təyinatı da Qazılar Şurası tərəfindən həll olunur. Şeyx təklif edir, onlar müzakirə edir, orada xüsusi yoxlamadan keçir, imtahan verir və bundan sonra rəsmi təyinat alır. Din xadimlərinin rəsmi təyinatı məsələsi Azərbaycanda ardıcıl olaraq həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də dövlət qurumu olaraq bu işlərdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə iştirak edir. Hesab edirəm ki, bu təklif və bu addım çox önəmlidir, əhəmiyyətlidir və Azərbaycan üçün də bügün çox dəyərlidir, yararlıdır”.

Son xəbərlər

Orphus sistemi