Bakı. 30 noyabr. REPORT.AZ/ “Məzarlıqlar haqqında” qanun layihəsi baxılması üçün hazırda Nazirlər Kabinetindədir. Layihə qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və s. məsələlər həmin qaydalarla tənzimlənəcək"
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı böyük şəhər olduğundan və milyonlarla insan yaşadığına görə gələcəkdə məzarlıqlarda yer çatışmazlığı yarana bilər: "Qəbiristanlıqlar üçün yeni yer ayrılması istiqamətində işlər gedir. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müvafiq tədbirlər görür. Bəzi məzarlıqlarda yer çatışmazlığına gəlincə, əslində, məzar yerləri satılması ifadəsi doğru deyil. Məzar yerləri satılmır, insanlara pulsuz verilməlidir. Yeni qaydalarda bu, tam aydın şəkildə öz əksini tapıb".
M.Qurbanlı əlavə edib ki, gələcəkdə qaydalar təsdiq edilsə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq. Hətta Dini Komitəyə bəzi məsələlərdə nəzarət funksiyası verilə bilər: "Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Həqiqətən elə qəbiristanlıqlar ola bilər ki, orada məzar yerləri obyektiv səbəbdən olmaya bilər. Naxçıvanda atılan bu addım bizim təsdiqlənəcək qaydallara uyğundur. Gələcəkdə həmin qaydalar Azərbaycanın digər yerlərində də təbiq olunacaq. Burada islami dəyərlərə, milli adət ənənələrə zidd heç nə yoxdur. Qəbiristanlıqda məzarlarda biri digərindən kəskin şəkildə fərqlənə bilməz".