Mohammed Beçari: Müsəlmanlar artıq Qərbdə müvəqqəti sakin deyil, bu cəmiyyətlərin ayrılmaz hissəsidir
- 27 may, 2025
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Müsəlmanlar artıq Qərbdə müvəqqəti sakin deyil, onlar bu cəmiyyətlərin sosial, dini və fəlsəfi quruluşunun ayrılmaz hissəsinə çevriliblər.
“Report” xəbər verir ki, bunu Dünya Müsəlman İcması Şurasının Baş Katibi Mohammed Beçari “Dəyişən Dünyada İslam Mədəni İrsinin Qorunması” mövzusunda keçirilən panel sessiyasında deyib.
O bildirib ki, ona görə də biz onları “köçkün” adlandıra bilmərik, çünki bu ifadə məcburi miqrasiyanı ifadə edir:
"Bu gün müsəlmanlara qarşı zorakılıq halları müşahidə edilir. Bu gün müsəlmanların 5 milyondan çoxu Fransa vətəndaşıdır və bu insanlar artıq 3-cü və 4-cü nəsil müsəlmanlardır. Həmin müsəlmanların arasında siyasi liderlər var. Hollandiyanın ən böyük bələdiyyəsi olan Rotterdam şəhərini bir müddət müsəlman şəxs idarə edib. Böyük Britaniyanın ən böyük bələdiyyəsi olan London bələdiyyəsinin rəhbəri isə pakistanlı bir müsəlmandır. Yəni artıq müsəlmanlar arasında bələdiyyə rəhbərləri və siyasi liderlər də mövcuddur. Bütün bunlar yaşadığımız yeni bir reallığın göstəricisidir”.
Natiq hesab edir ki, hər kəs çoxmədəniyyətli reallığı qəbul etməlidir:
“Amma nə baş verir? Bəzi hallarda baş verənlər yalnız irqçilik kimi təsvir edilə bilər. Bu irqçilik insanlara ya dərisinin rənginə, ya genetik quruluşuna və ya sosial səviyyəsinə görə yönəlir. Bəs nə edə bilərik? Biz artıq yalnız qınamaqla kifayətlənməməli, əməkdaşlıq və birgəyaşayış üçün ortaq dəyərlər qurmalıyıq. Məsuliyyət ilk növbədə “şahid dövlətlərin”, yəni Avropa ölkələrinin üzərindədir. Onlar ədalət və bərabərliyin əldə olunması üçün qanuni və legitim vasitələrin hamısından istifadə etməlidirlər”.