Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Demokratiya Naminə Avropa Fondunun nümayəndələrini qəbul edib. “Report”un xəbərinə görə, qəbulda Fondun rəhbəri Roberta Bonazzi, əməkdaşları Tomasso Virgili və Demir Murat Seyrek iştirak edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, fikir və təcrübə mübadiləsi baxımından bu cür görüşlərin keçirilməsi olduqca vacibdir. O qeyd edib ki, dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün konfessiyalar dinc şəraitdə fəaliyyət göstərirlər: “Bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz. Bizim bu təcrübə-multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər”. M.Qurbanlı deyib ki, Azərbaycanda dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.
Görüş zamanı müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.