Ramin Məmmədov: Qarabağda və indiki Ermənistan ərazilərində dini irsimiz qəddar hücumlara məruz qalıb

Ramin Məmmədov: Qarabağda və indiki Ermənistan ərazilərində dini irsimiz qəddar hücumlara məruz qalıb İşğaldan azad edilmiş ərazilərdə dini-tarixi abidələrin bərpası ilə bağlı mühüm layihələr həyata keçirilir.
Din
22 Avqust , 2024 10:42
Ramin Məmmədov: Qarabağda və indiki Ermənistan ərazilərində dini irsimiz qəddar hücumlara məruz qalıb

Qarabağda və azərbaycanlıların yüzilliklər ərazində yaşadığı indiki Ermənistan ərazilərində dini irsimiz qəddar hücumlara məruz qalıb.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Braziliyada təşkil olunan G20 Dinlərarası Forumunda (IF20) deyib.

R.Məmmədov forumda Azərbaycanın dinlərarası və mədəniyyətlərarası harmoniyaya əsaslanan multikulturalizm modeli, eləcə də bu nümunəvi mühitin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib.

Komitə sədri bildirib ki, əsrlərboyu Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Dini etiqad azadlığı, tolerantlıq ənənəsi Azərbaycan kimliyinin ayrılmaz elementinə, millətin plüralizmə sarsılmaz sadiqliyinin sübutuna çevrilib. Bakıda məscidlər, kilsələr və sinaqoqların yan-yana mövcud olması müxtəlif dini icmaların harmoniya şəklində birgəyaşayışının sübutudur:

“Azərbaycan dövləti tərəfindən bu zəngin tarixi, maddi və mənəvi irsin qorunaraq gələcək nəsillərə çatdırılması üçün yaradılan hərtərəfli qanunvericilik bazası irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq hamı üçün bərabər hüquq və azadlıqlara təminat verir.

Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi kimi, ölkəmizin hər zaman tolerantlıq və inklüzivlik modeli kimi qəbul olunduğunu diqqətə çatdıran Komitə sədri vurğuayıb ki, tarixi və dini abidələrin, müqəddəs yerlərin və ziyarətgahların bərpası, yenidən qurulması və mühafizəsi dövlətin dinə və milli-mənəvi dəyərlərə dərin hörmətini əks etdirir. “Azərbaycanın mədəni irsin qorunub saxlanması istiqamətində fəaliyyəti ölkə hüdudlarından kənara çıxır. Belə ki, Azərbaycan Vatikandakı Müqəddəs Marselin, Pietro və Sebastyan katakombalarının bərpasına öz töhfəsini verib, Fransadakı Notr-Dam kilsəsinin təmiri üçün vəsait ayırıb”.

Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində dini ayrı-seçkiliyin ən qəddar formalarından əziyyət çəkdiyini diqqətə çatdıran R.Məmmədov ölkənin 30 il ərzində işğal altında saxlanılmış ərazilərindəki 67 məsciddən 65-nin məhv edildiyini bildirib:

"Qarabağda və azərbaycanlıların yüzilliklər ərazində yaşadığı indiki Ermənistan ərazilərində dini irsimizə qarşı qəddar hücumlara baxmayaraq, xalqımızın gələcəyə kökləndiyini, dini və etnik tolerantlığı milli kimliyinin təməl sütunu kimi qorumağa davam edərək, bütün regonun tarixində sülh və əməkdaşlığa əsaslanan yeni səhifə açmağa çalışdığını, işğaldan azad edilmiş ərazilərdə dini-tarixi abidələrin bərpası ilə bağlı mühüm layihələr həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi