Allahşükür Paşazadə: ”Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”

Allahşükür Paşazadə: ”Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir” “Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir”
Din
15 Mart , 2017 10:39
Allahşükür Paşazadə: ”Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
Report

Bakı. 15 mart. REPORT.AZ/ “Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “İslam həmrəyliyi-zamanın çağrışı” adlı beynəlxalq konfransda deyib.

O qeyd edib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda sabitlik mövcuddur: “Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlət rəhbərimizin siyasi iradəsi böyük önəm daşıyır. Dövlət başçımız İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevrilməsi, ölkəmizin humanitar və mədəniyyətlərarası dialoqa dair qlobal forumlara mütəmadi olaraq ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir”.

A.Paşazadə bildirib ki, dünyada yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyanı məhvərindən çıxmaga qoymayan əbədi dəyərlər mövcuddur. O qeyd edib ki, bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur: “Səmavi dinlərin hər biri insanlara hidayət yolunu göstərmək üçün Allah tərəfindən göndərilib. İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. Əsrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir və ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır”.

Sədr qeyd edib ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir: “Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuş ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir. Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun ayrılmaz parçasıdır. İslam həmrəyliyi təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin yaxşılaşması üçün gözəl imkan kimi dəyərləndirilməlidir”.

O bildirib ki, bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya, radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən amil, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir: “Dünyanın müxtəlif nöqtələrində, o cümlədən Yaxın Şərqdə, Suriyada, Fələstində, İraqda, Türkiyədə səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri - zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan ümumbəşəri faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Müqəddəs Qurani-Kərimin Əraf surəsinin 85-ci ayəsinin təfsirində: "Allah-Təalanın bəşər üçün mükəmməl şəkildə xəlq etdiyi Yer üzündə fitnə-fəsad törətməyin, qan tökməyin, Tanrının yaratdığı həyatı, insanı məhv etməyin" - deyə əmr olunur. Uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, biz torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnmiş bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllini tələb edir, dünyada bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırmasını zəruri sayaraq, Uca Yaradana dualar edirik”.

A.Paşazadə Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində səyləri ilə də öz örnəyini meydana qoyacağına inandıqlarını bildirib: “Dinlər və mədəniyyətlər arası dialoq və əməkdaşlığa önəmli töhfələr vermiş Mehriban Əliyevanın birinci vitse-prezidentlik dönəmi də xalqımız və dövlətimiz üçün xeyirlərə vəsilə olacaq, dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə töhfəsinin artmasına səbəb olacaq”.

Daha sonra Prezident İlham Əliyevin konfrans iştirakçılarına məktubu oxunub.

Son xəbərlər

Orphus sistemi