Migel Anxel Moratinos: Azərbaycan və Ermənistan ümumi tarixlərinin yeni səhifəsinə başlamalıdırlar - MÜSAHİBƏ

Migel Anxel Moratinos: Azərbaycan və Ermənistan ümumi tarixlərinin yeni səhifəsinə başlamalıdırlar - MÜSAHİBƏ Migel Anxel Moratinos: Azərbaycan və Ermənistanın sülh müqaviləsi üçün çalışdığına əminəm BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinosun VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Report"a ek
Xarici siyasət
1 May , 2024 16:30
Migel Anxel Moratinos: Azərbaycan və Ermənistan ümumi tarixlərinin yeni səhifəsinə başlamalıdırlar - MÜSAHİBƏ

BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Report"a müsahibəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən, dünyadakı münaqişələrin həll yollarından, Bakıda keçiriləcək COP29-dan gözləntilərindən danışıb:

- Cənab Moratinos, ilk olaraq Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi barədə fikirlərinizi öyrənmək istərdik. Son hadisələri, tərəflərin sərhədlərin müəyyənləşdirilməsi istiqamətindəki razılaşmasını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin qlobal forumdakı çıxışında dediyi kimi, münasibətlərdə yeni səhifənin açılması, qarşılıqlı hörmət və anlayış çox vacibdir. Düşünürəm ki, hazırkı münasibətlərdə dünyaya göndərilə biləcək əsas mesaj budur. Fikrimcə, artıq tərəflər keçmiş mürəkkəb münasibətləri aradan qaldırmağa çalışır, bu yolda birlikdə işləyirlər və biz sadəcə olaraq beynəlxalq təşkilat olaraq beynəlxalq hüquqa hörmət edərək bunu dəstəkləməliyik.

- Vaxtilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb edilən bir insan kimi, Azərbaycan və Ermənistan arasında ilin sonuna qədər sülh sazişinin imzalanmasını mümkün hesab edirsiniz?

- Ümid edirəm ki, bu, baş verəcək. Hər iki tərəfin bunun üçün çox çalışdığına əminəm. Mən hər iki ölkənin rəhbərliyini və əlbəttə ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliyini və liderliyini alqışlayıram. Məncə, onlar ümumi tarixlərinin yeni səhifəsinə başlamalıdırlar.

- Siz vaxtilə İspaniyanın XİN rəhbəri olarkən ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərlər etmisiniz, Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmısız. Bir ara hətta Madrid prinsipləri də vardı. Siz o zaman münaqişənin belə həll ediləcəyini güman edirdinizmi?

- Nələrsə etmək həmişə mümkündür, dünən, bu gün və ya sabah-bunların heç biri yanlış zamanlar deyil. Sadəcə önəmli olan odur ki, hər an, hər vəziyyətdə beynəlxalq hüququn çox vacib olduğunu unutmayaq. Beynəlxalq hüququn təməl prinsiplərindən biri də ərazi bütövlüyünü qorumaqdır. Bütün hallarda onu müdafiə etməlisiniz. Biz də bunu etmişik.

Ancaq beynəlxalq ictimaiyyətin sağalmaz xəstəliyi münaqişələr və qeyri-sabitlikdir. Bəzi məqamlarda ikili standartlar müşahidə edilir. Bilməli olduğumuz bir şey var - bu da bütün hallarda eyni prinsipləri müdafiə etməliyik. İspaniyanın xarici işlər naziri olduğum dövrdə də ərazi bütövlüyünü müdafiə etmişik və bundan sonra da müdafiə edəcəyik. Beynəlxalq təşkilatların əsas öhdəliklərindən biri budur. Bu gün biz konsolidasiya fürsətinə sahibik və beynəlxalq aparıcı aktorların bizim müdafiə etdiyimiz şeyləri müdafiə edəcəklərinə ümid edirik.

Yadımdadır, Rusiya ilə Gürcüstan arasında böhran zamanı mən xarici işlər naziri idim və həmkarlarıma demişdim ki, Kosovo məsələsində Serbiyanın ərazi bütövlüyünü müdafiə edirik. Deməli bu məsələdə də Gürcüstanın ərazi bütövlüyünü müdafiə etməliyik və edirik. Yəni bütün məqamlarda eyni seçim olmalıdır.

- Üçtərəfli razılaşmaya əsasən, Rusiya sülhməramlıları 2025-ci ildə Azərbaycan ərazilərini tərk etməliydilər. Ancaq onlar bu prosesi bir il tez icra etdilər. Sülhməramlıların Azərbaycan ərazilərini tərk etmə qərarına münasibətiniz necədir?

- Azərbaycan ərazilərini işğaldan azad edib, insanlar öz evlərinə geri qayıdır. Bura artıq Azərbaycanın suveren ərazisidir və "bura mənim ərazimdir" deyir. Nəticədə artıq baş verməli olan proses müşahidə olunur. Sabah mən Şuşaya səfər edəcəyəm və o, Azərbaycanın bir hissəsidir. Mən Prezident İlham Əliyevlə danışarkən də dedim ki, oradakı bütün abidələr, dini məkanlar qorunub saxlanmalıdır, onlara hörmət etməliyik. Bu insanlığın bir hissəsidir. Mən tam əminəm ki, bu belə də olacaq.

- Son olaraq COP29 haqqında da fikirlərinizi öyrənmək istərdik. Azərbaycanın belə mühüm konfransa evsahibliyi etməsini necə qiymətləndirirsiniz? BMT-nin COP29 çərçivəsində Azərbaycana dəstəyi nədən ibarətdir?

- COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə tam hörmətə malik olduğunu, COP-un Prezident İlham Əliyev və onun bütün komandası tərəfindən idarə olunacağına böyük inam bəsləndiyini göstərir. Mən əminəm ki, bu, planet və bəşəriyyət üçün çox uğurlu bir konfrans olacaq. Mən tədbirdə iştirak üçün Prezident İlham Əliyevin dəvətini almışam və təbii ki, gələcəm.

Son xəbərlər

Orphus sistemi