SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib
- 16 noyabr, 2026
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
"Report" SOCAR-ın Rumıniyadakı törəmə "SOCAR Petroleum S.A" şirkətinə istinadən xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsi ölkənin şimali-şərqində yerləşən və bölgənin iqtisadi və turizm potensialına mailk olan Neamt rayonunun Horia şəhərində açılıb.
"SOCAR" brendi altında istifadəyə verilən yeni yanacaqdoldurma məntəqəsi Neamt rayonunda sayca 7-ci məntəqədir.
Hər bir "SOCAR" brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi, bu məntəqə də müasir xidmət infrastrukturu ilə təchiz olunub, müştərilərə benzin və dizel yanacaqları ilə yanaşı müxtəlif əlavə xidmətlər də təqdim edilir.
"Made in Azerbaijan" brendinin təbliği istiqamətində görülən işlər çərçivəsində məntəqə ərazisindəki "Nar" kafedə Azərbaycan guşəsi yaradılıb və burada yerli və ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilir.
Yeni YDM-lərin istifadəyə verilməsi SOCAR-ın Rumıniya bazarındakı pərakəndə satış sektorunda mövqelərinin gücləndirilməsi və fəaliyyət coğrafiyasının genişləndirilməsi istiqamətində həyata keçirdiyi strategiyanın mühüm tərkib hissəsidir.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2025-ci ildə 3,9 milyard lei (təqribən 750 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 9,7% çoxdur. Hazırda şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.