SEPAH Hörmüz boğazı yaxınlığında ABŞ-nin hərbi pilotsuz uçuş aparatını ələ keçirib

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 14:36
SEPAH Hörmüz boğazı yaxınlığında ABŞ-nin hərbi pilotsuz uçuş aparatını ələ keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus "MQM-170" hərbi pilotsuz uçuş aparatını zədələnməmiş vəziyyətdə ələ keçirdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın dövlət televiziyasına istinadən məlumat yayıb.

SEPAH Hərbi Dəniz Qüvvələrinin bəyanatına əsasən, İran qüvvələri radioelektron mübarizə vasitələrinin köməyi ilə Qeşm adasından cənubda pilotsuz uçuş aparatının idarəetməsini ələ keçirərək onu yerə endiriblər.

"Bu, SEPAH HDQ-nin radioelektron mübarizə və pilotsuz aviasiya komandanlığı tərəfindən zədələnməmiş vəziyyətdə ələ keçirdiyi bu tipli dördüncü pilotsuz uçuş aparatıdır", - bəyanatda bildirilir.

Hörmüz boğazı bölgəsində SEPAH-ın hava hücumundan müdafiə bölmələri tərəfindən zədələnməmiş vəziyyətdə ələ keçirilən pilotsuz uçuş aparatlarının ümumi sayı səkkizə çatıb.

SEPAH iddia edir ki, bu PUA İranın hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərini aşkarlanması və izlənilməsi ilə bağlı tapşırıqları icra edirdi.