Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli Maskat prosesi üçün nümunə ola bilər

Din
  • 16 noyabr, 2026
  • 14:56
Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli Maskat prosesi üçün nümunə ola bilər

Azərbaycanın birgəyaşayış modeli Maskat prosesi üçün nümunə ola bilər.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanın paytaxtı Maskatda keçirilən Maskat Fəaliyyət Planı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir dünyada bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı bu baxımdan zəruridir:

"Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlıq və məzhəblərarası anlaşma dövlət səviyyəsində dəstəklənir. Dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsinə, milli, irqi, dini zəmində ekstremizm təzahürlərini önləyə biləcək tolerant, multikultural həyat tərzinin dünyaya təqdim edilməsinə böyük ehtiyac var. Bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək olar. Azərbaycanın müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışa dair dəyərli tarixi təcrübəsi, örnək tolerantlıq və məzhəblərarası anlaşma modeli Maskat prosesi üçün dəyərli nümunə kimi nəzərdən keçirilə bilər".

QMİ sədri həmçinin bildirib ki, beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin məlum qətnamələrini yerinə yetirən, işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri, qaçqın və məcburi köçkünlərin qayıdış layihələrini həyata keçirir:

"Etnik təmizləmə və Xocalı soyqırımını yaşamış xalq olaraq biz insanlıq əleyhinə cinayətlərin bir daha təkrarlanmaması istiqamətində və sülhün bərqərarı naminə beynəlxalq səyləri ehtiva edən Maskat Fəaliyyət Planını ürəkdən dəstəkləyirik".

Qeyd edək ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Qutteriş tərəfindən təqdim olunmuş "Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı"na həsr olunmuş beynəlxalq platformadır.