Nigar Arpadarai: Hazırda iqlim və şəhərsalma gündəliklərinin uzlaşdırılması son dərəcə vacibdir
- 10 sentyabr, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda iqlim və şəhərsalma gündəliklərinin uzlaşdırılması son dərəcə vacibdir.
"Report"un məlumatına görə, bunu COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) dördüncü günündə deyib.
Onun sözlərinə görə, insanlar üçün müzakirələrdən çox iqlim fəaliyyəti daha konkret məna daşıyır:
"Söhbət onların nəfəs aldığı havadan, evlərinin təhlükəsizliyindən, ictimai məkanların keyfiyyətindən, iqlim dəyişikliyinin digər təsirlərindən qoruma mexanizmi və imkanından gedir. Ona görə də şəhərlər iqlim fəaliyyətinin mərkəzində dayanır".
N.Arpadarai bildirib ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və bu göstərici artmaqda davam edir:
"Eyni zamanda daha təmiz nəqliyyatdan və keyfiyyətli binalardan tutmuş yaşıl ərazilərə, tullantıların daha səmərəli idarə edilməsinə və dayanıqlı infrastruktura qədər bir çox iqlim həlləri məhz şəhərlərdə sürətlə həyata keçirilməlidir".
Deputat şəhərlərin bu problemləri təkbaşına həll edə bilməyəcəyini söyləyib:
"Yerli hakimiyyət orqanları, biznes dairələri, investorlar, vətəndaş cəmiyyəti, tədqiqatçılar və icmalar arasında bu müstəvidə tərəfdaşlığa ehtiyac var. Ən əsası isə öhdəliklərdən konkret nəticələrin əldə olunmasına keçməliyik".