Milli İncəsənət Muzeyində Aydan Salahovanın "Qız Qalası" fərdi layihəsinin təqdimatı olub

İncəsənət
  • 30 oktyabr, 2026
  • 12:33
Milli İncəsənət Muzeyində Aydan Salahovanın Qız Qalası fərdi layihəsinin təqdimatı olub

"Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy" festivalının proqramı daxilində Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın "Qız Qalası" adlı fərdi layihəsinin təqdimatı baş tutub.

"Report" xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin ortaq təşkilatçılığı ilə hazırlanan layihənin əsas fokusunda Azərbaycan mədəniyyətinin ən mühüm simvollarından biri hesab olunan Qız Qalası durur.

Rəssam media nümayəndələrinə açıqlamasında Qız Qalasına sadəcə abidə və ya memarlıq əsəri kimi deyil, əsrlər boyu əfsanələr və şifahi xalq ənənələri sayəsində formalaşmış mədəni simvol kimi baxdığını vurğulayıb.

Aydan Salahova
O qeyd edib ki, Bakının şəhər panoramasının ayrılmaz elementi olan bu tarixi qala haqqındakı rəvayətlər zaman keçdikcə kollektiv yaddaşın tərkib hissəsinə çevrilib:

"Qız Qalası əfsanəsinin faciəvi finalı layihənin çıxış nöqtəsidir. Burada hər kəsə məlum olan bu rəvayəti dəyişməz gerçəklik olaraq qəbul etmək yerinə, ona fərqli bir baxış bucağı təqdim etməyə və izləyicini düşüncəyə dəvət etməyə çalışmışam. Yəni bu əfsanə həmişə bizə nəql edildiyi formada sona çatmalıdırmı?"

Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova isə "Report"a açıqlamasında bildirib ki, sərgidə qrafika, heykəltəraşlıq və rəngkarlıqla yanaşı, video formatı vasitəsilə də hisslərin, düşüncələrin və emosiyaların ifadəsi yer alıb:

Şirin Məlikova
"Hesab edirəm ki, bu, Aydan Salahovanın ən uğurlu sərgilərindən biridir. Biz burada onun milli incəsənətlə son dərəcə dərin əlaqəsini müşahidə edirik. Bu da ziyarətçilərdə çox güclü hisslər yaradır".

Xatırladaq ki, "Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy" festivalı noyabrın 1-dək davam edəcək.

44 filmi