Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik arxitekturası yaratmağa çalışır
- 30 oktyabr, 2026
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Cənubi Qafqazda müharibələrə səbəb olan amillərə və Ermənistanla sülh prosesini pozmaq cəhdlərinə qarşı dura biləcək dayanıqlı regional təhlükəsizlik arxitekturası formalaşdırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibədə bildirib.
"Söhbət deklarativ, sadəcə kağız üzərindəki sülhdən getmir. Biz insanların hiss edə biləcəyi həyat qabiliyyətli bir sülh yaradırıq", - o vurğulayıb.
O qeyd edib ki, Azərbaycan 30 il ərzində Ermənistanla münaqişə və qarşıdurma vəziyyətində olub, əraziləri isə işğal altında qalıb. 2023-cü ildə bu dövr başa çatdı.
H.Hacıyev əlavə edib ki, müharibə başa çatdıqdan sonra Azərbaycan diplomatik cəsarət nümayiş etdirdi. Prezident və ölkə rəhbərliyi Ermənistana sülh təklif etməklə siyasi liderlik nümayiş etdirdilər.
"Sülh sazişinin mətni məhz ölkəmizdə hazırlanıb. Biz qonşu Ermənistana sülh əlini uzatdıq. Qarşımızda iki yol var idi: əbədi müharibə və ya əbədi sülh. Biz əbədi sülh yolunu seçdik", - o bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan müharibədə qələbə qazanıb və öz ərazilərini azad edib, lakin müharibə başa çatdıqdan sonra sülhü qazanmaq ölkənin strategiyası oldu.
"Sülhü qazanmaq müharibədə qalib gəlməkdən qat-qat çətindir. Bu gün şadam ki, bütün Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirmək strategiyası çərçivəsində sülh prosesində də qələbə qazanırıq", - o bəyan edib.
H.Hacıyev əlavə edib ki, Azərbaycan əməkdaşlıq mədəniyyəti və ənənələrini qoruyub saxlayır və regionun geosiyasi vəziyyətinin sülhə, sabitliyə və qarşılıqlı fəaliyyətə xidmət etməsinə çalışır.
"Biz bu sülhü qoruyub saxlayacaq və möhkəmləndirəcəyik. Sülh konsepsiyası əsasında müharibələrə aparan bütün mənfi amillərə, eləcə də sülh prosesini pozmağa çalışan qüvvələrin hərəkətlərinə qarşı dura biləcək regional təhlükəsizlik arxitekturası qurmaq niyyətindəyik. O, gələcək nəsillər üçün uzunmüddətli nəticəni təmin etməlidir", - H.Hacıyev bildirib.