Gələn il "Vəkil evi" - Vəkillər Kollegiyasının yeni inzibati binasının açılışı olacaq
- 27 dekabr, 2025
- 12:53
Gələn il "Vəkil evi" - Vəkillər Kollegiyasının yeni inzibati binasının açılışı olacaq.
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, VK-nın vəsaiti ilə "Vəkil evi"ndə tikinti və əsaslı təmir işləri davam etdirilir:
"Ən müasir tələblərə uyğun inşa olunan bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".
VK sədri həmçinin bildirib ki, Azərbaycan vəkilləri bu gün çox uğurla fəaliyyət göstərirlər:
"Növbəti illər üçün təlimlərin sayının artırılmasını və vəkillərin fəaliyyətinin inkişafına hədəflənmişik. Azərbaycanda vəkillərin sayı hər il artır. Növbəti ildə bu sayın 3 mini keçəcəyi gözlənilir. Gələcək illərdə isə bu rəqəm daha da artacaq".