Yəməndə toqquşmalarda 20 nəfər ölüb, 25 nəfər yaralanıb

Digər ölkələr
  • 26 dekabr, 2015
  • 06:21
Yəməndə toqquşmalarda 20 nəfər ölüb, 25 nəfər yaralanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Yəmənın mərkəzindəki Taiz şəhərində prezident Abdurabbu Mansur Hadi tərəfdarı Xalq Müqaviməti Qüvvələri ilə "Ənsarullah" (husilər) hərəkatı üzvləri arasında baş verən toqquşmalarda 20 nəfər ölüb, 25 nəfər yaralanıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Taizin qərbindəki Makbene mahalında keçirilən əməliyyatda 7 husi yaraqlısı öldürülüb, 9-u yaralanıb.

Bundan əlavə, "Əbu Ammar" adlı husi lider və 2 mühafizəçisi şəhərin qərbindəki əl-Hasb məhəlləsində, 6 husi yaraqlısı isə şəhərin şərqindəki döyüşlərdə öldürülüb.

Eyni zamanda, toqquşmalarda Xalq Müqaviməti Qüvvələri üzvlərindən də 4 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib.