“İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Pakistan ərazisinə zərbələr oradakı iranlı terrorçuların hədəf alınması zamanı baş verib.
XİN başçısının sözlərinə görə, bu addımlar Pakistanın və bütün regionun təhlükəsizliyinin maraqlarına cavab verib.
“Biz milli təhlükəsizliyimizin təhlükə altına düşməsinə imkan verməyəcəyik. Söhbət milli maraqlarımızdan gedirsə, heç bir tərəddüdümüz yoxdur”, - XİN rəhbəri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl “Tasnim” agentliyi İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinin Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasının iki qərargahına zərbələr endirdiyini xəbər vermişdi. Qeyd olunub ki, əməliyyat pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilməklə həyata keçirilib.