Uqanda BMT Baş katibi vəzifəsinə namizədi rəsmi şəkildə irəli sürüb
- 26 iyul, 2026
- 06:52
Uqanda Respublikası ölkənin BMT-dəki sabiq daimi nümayəndəsi və BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Olara Otunnunun dünya təşkilatının baş katibi vəzifəsinə namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası sədrinin ofisinin nümayəndəsi La Neys Kollinz məlumat verib.
"Baş Assambleyanın sədri Uqanda Respublikasından Olara Otunnunun Baş katib vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı bildiriş alıb", - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, Olara Otunnu diplomatik karyerasına 1980-ci illərdə Uqandanın BMT yanında daimi nümayəndəsi kimi başlayıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasında, o cümlədən təşkilatın Baş katibinin seçilməsi zamanı ilkin gizli səsvermə sisteminin müəllifi hesab olunur.
Müxtəlif illərdə 75 yaşlı diplomat BMT Baş Assambleyası sədrinin müavini, Baş katibin uşaqlar və silahlı münaqişələr məsələləri üzrə xüsusi nümayəndəsi, eləcə də Uqandanın xarici işlər naziri vəzifələrində çalışıb.