Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində partlayış olub.
"Report" bu barədə "RBC Ukraine"yə istinadən xəbər verir.
Yerli hakimiyyət orqanları hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
Hazırda vilayətin Ukraynanın nəzarətində olan hissəsində hava xəbərdarlığı elan edilib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasında (AES) terror aktı törətməyi nəzərdən keçirir. Onun sözlərinə görə, Rusiya bunun üçün hər şeyi hazırlayıb və Ukrayna kəşfiyyatının bu barədə dəqiq məlumatı var.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə V.Zelenskiyə cavabında deyib ki, bu iddialar cəfəngdir.
Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün əvvəl söyləmişdi ki, Rusiya qoşunları Zaporojye AES-i vura bilər.
Xatırladaq ki, Rusiya ordusu 2022-ci ilin yazında Zaporojye AES-i işğal edib. Obyekt Rusiyanın “Rosatom” şirkəti tərəfindən idarə olunur.
Bəzi məlumatlara görə, ruslar Zaporojye AES-i minalayıblar.