Ukrayna Prezidenti Volodimir Zelenski böyük qızının onun ikinci müddətə prezident olmasını istəmədiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı yerli telekanallardan birinin efirində bildirib. Zelenskinin sözlərinə görə, ailəsi onun prezidentliyindən xeyli zərər çəkib.
"Qızım bu məsələni qaldırır, o istəmir ki, mən ikinci müddətə prezident olum. Qızımı nə qədər çox sevsəm də, bu, yalnız və yalnız imkanımızın səviyyəsindən asılıdır", - Zelenski televiziya proqramında deyib.
O, həmçinin növbəti il məktəbi bitirəcək qızının harada oxuyacağından danışıb.
"Yalnız burada (oxuyacaq - red.), çünki mən Ukrayna prezidentiyəm, başqa dövlətin yox. Bu mənim arzumdur və bizim belə razılığımız var. Hərçənd ona çox çətindir, çünki əgər xaricdə oxusaydı, mühafizəçisiz təhsil ala bilərdi. Mən bildiyim qədər beynəlxalq münasibətlər sahəsində təhsil alacaq, o, beynəlxalq iqtisadiyyatla məşğul olmaq istəyir", - Ukrayna prezidenti bildirib.
"Gələcək Ukrayna İnstitutu" analitik mərkəzi tərəfindən keçirilmiş sosioloji sorğunun nəticələrinə görə, Zelenskinin reytinqi iyundan sentyabradək 32 %-ə qədər artıb.