Ukraynanın “Supernova Airlines” aviaşirkəti noyabrın 1-dən etibarən Kiyev və Lvovdan Praqaya və əks istiqamətdə yük daşınması ilə bağlı reyslər həyata keçirmək üçün ölkənin Dövlət Aviasiya Xidmətindən icazə alıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Xidmətin saytında dərc olunan qərardan görmək olar.
Qurumun məlumatına görə, hər istiqamətdə həftədə yeddi reys gözlənilir.
“Supernova Airlines” aviaşirkəti yalnız yük daşınmaları üzrə uçuşlar həyata keçirmək sertifikatına malikdir. Bu, Ukraynada və onun xaricində poçt çatdırılması və yük daşımaları ilə məşğul olan NOVA şirkətlər qrupunun yeni yaradılmış törəmə şirkətidir.
Xatırladaq ki, Ukrayna 2022-ci il fevralın 24-dən ölkə üzərindəki hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb.