Bakı. 25 noyabr. REPORT.AZ/ Tayvanın baş naziri Uilyam Lay bələdiyyə seçkilərində hakim Demokratik Tərəqqi Partiyasının məğlubiyyətindən sonra istefa verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb.
"Nəticələr göstərir ki, insanlar narazıdırlar. Mən məğlubiyyətə görə məsuliyyəti tam üzərimə götürərək, istefa ərizəmi prezident Say İnvenə təqdim etdim", — deyə o bildirib.
AFP-nin məlumatına görə, eyni zamanda Tayvan prezidenti Say İnven də hakim partiyanın lideri postundan istefa verib. Bu uğursuzluq 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində Say İnvenin perspektivlərini sual altına qoyacaq.
"Bu gün demokratiya bizə dərs keçdi. Biz bunu qəbul etməliyik və xalqın gözləntilərinə uyğun olmağı öyrənməliyik",— AP prezidentin sözlərini sitat gətirib.