“Özbəkistana bu gün səhər gəldim. Bu ölkədə keçirilən müşahidəçi olduğum ikinci prezident seçkiləridir”.
“Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.
Seçkiləri beynəlxalq, AKP-nin İstanbuldan olan millət vəkili, habelə digər statusda müşahidə etdiyini bildirən Şamil Ayrım Özbəkistanla bağlı təəssüratlarını da bölüşüb:
“Özbəkistanda çox böyük dəyişikliklər görürəm. Bunlar önəmli dəyişikliklərdir. Özbəkistanın Türkiyə ilə əlaqələri əhəmiyyətlidir”.
Şamil Ayrım qeyd edib ki, son illər Özbəkistanın türkdilli ölkələrlə əlaqələri inkişaf edib: “Əslində pandemiya şəraitində keçirilən bu seçkilər heç də asan deyil. Hər birimiz qoruyucu maskadan istifadə edirik”.
TBMM-in deputatı bir sıra seçki məntəqələrində olduğunu vurğulayıb: “Bu, bizim müşahidə apardığımız 4-cü seçki məntəqəsidir. Gördüyümüz mənzərə budur – Özbəkistan rəsmiləri pandemiya şəraitinə uyğun tədbirləri həyata keçiriblər, məntəqələrin girişində dezinfeksiya işləri, seçicilərin hərarətinin ölçülməsi, növbəlilik, sıra qaydasına əməl olunması. Bunlar təqdir olunası tədbirlərdir.
Diqqətimi cəlb edən əsas məsələlərdən biri də seçici siyahısında adı çıxmayan seçicilərin qısa zamanda elektron qaydada səs verə bilməsidir. Bu, önəmlidir. Yəni seçici siyahısında adı olmayan seçici səs verə bilir”.
Şamil Ayrım müşahidə kameralarının fəaliyyətinə də diqqət çəkib: “Kimsə kiməsə təzyiq göstərmir. Bu, əladır. Məntəqədə 5 siyasi partiyanın namizədlərinin nümayəndələri, digər təmsilçilər var. Seçki prosesi normal davam edir”.
Onun sözlərinə görə, Özbəkistan türk dünyası üçün önəmli mərkəzlərdəndir.
Şamil Ayrım seçici aktivliyinin yüksək olduğunu, məntəqələrin axşam saat 20-dək fəaliyyət göstərəcəyini bildirib: “Bəzi seçki məntəqələrində seçici fəallığının 90 faizə çatacağı bildirilir. Önəmli olan seçki prosesinin şəffaf keçirilməsidir, seçicilərin dinc şəraitdə səs vermələridir. Belə davam etsə, seçkilərin nəticəsi yaxşı olacaq. Seçkilərin özbək xalqı üçün faydalı olmasını arzulayıram”.