KİV: Koloniya əməkdaşlarını girov götürən radikallar məhv edilib - YENİLƏNİB - 2

KİV: Koloniya əməkdaşlarını girov götürən radikallar məhv edilib - YENİLƏNİB - 2 Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.
Digər ölkələr
23 Avqust , 2024 18:51
KİV: Koloniya əməkdaşlarını girov götürən radikallar məhv edilib  - YENİLƏNİB - 2

Rusiya xüsusi təyinatlılarının Volqoqrad vilayətindəki 19 saylı koloniyada uğurla həyata keçirdiyi əməliyyat nəticəsində radikallar məhv edilib.

“Report” xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

"Yarım saat davam edən əməliyyat başa çatıb, terrorçular öldürülüb, girovlar isə azad edilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyat saat 16:00-da başlayıb və 16:30-da başa çatıb.

17:36

Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürən məhbuslar bunu bu il aprelin 3-də “Crocus City Hall”a hücum edən terrorçuların qisasını almaq istəyi ilə əlaqələndiriblər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Volqoqrad vilayətindəki tacik diasporunun rəhbəri Səidəhməd Məhmədov terrorçularla danışıqlara gedib. Regionda İctimai Nəzarət Komissiyasının üzvü Vadim Çerednik də vəziyyətdən asılı olaraq danışıqlarda iştirak edə bilər.

Daha əvvəl Volqoqrad məscidinin din xadiminin koloniyaya getdiyi məlum olsa da, onu hələ danışıqlara cəlb etməmək qərarına gəliblər.

Məlumata görə, zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti isə orta ağırdır.

15:35

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının azad edilməsinə xüsusi təyinatlılar cəlb edilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, radikallar girovları azad etmək üçün 2 milyon dollar və helikopter tələb ediblər.

Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat aparılır.

Ümumilikdə koloniyada 1230 məhbus var.

Məlumata görə, radikallarla danışıqlar aparmaq üçün yaxın vaxtlarda Volqoqrad məscidindən din xadimi gətiriləcək.

Zərərçəkənlər arasında koloniyanın rəisi Andrey Devyatov da var. Məlumata görə, o reanimasiyadadır.

Qeyd edək ki, həbsxana əməkdaşlarının Özbəkistan və Tacikistan vətəndaşları tərəfindən girov götürüldüyü ehtimal olunur.

15:02

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.

"Cəzaçəkmə müəssisəsinin intizam komissiyasının iclasında işçilər bir neçə məhbus tərəfindən girov götürülüb", - Rusiya Cəzaların İcrası Federal Xidmətindən bildirilib.

Bəzi Rusiya KİV-in məlumatına görə, üç nəfər ölüb, ən azı iki nəfər qaça bilib.

Son xəbərlər

Orphus sistemi