Qvatemalada silsilə zəlzələlər nəticəsində iki nəfər ölüb, yüzlərlə yaralı var - YENİLƏNİB
- 09 iyul, 2025
- 08:32
Qvatemalada baş verən silsilə zəlzələlər nəticəsində azı iki nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Qvatemalanın təbii fəlakətlərin qarşısının alınması üzrə Milli Koordinasiya Komitəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar nəticəsində ilkin olaraq 2 nəfər ölüb, 324 nəfər xəsarət alıb, 3 nəfər xəstəxanaya yerləşdirilib. 43 binaya ciddi ziyan dəyib.
05:03
Qvatemalanın cənub-şərqində 5,6 maqnitudada zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Qvatemala departamentinin 618 min nəfərdən çox əhalisi olan Villa Nueva şəhərindən 4,7 km şimal-şərqdə, ocağı isı 10 km dərinlikdə yerləşib.
Bildirilir ki, son bir saat ərzində ölkə ərazisində silsilə zəlzələlər qeydə alınıb. Bundan əvvəl Qvatemala şəhərindən 40 km aralıda yerləşən Eskuintla departamentində 5,2 bal gücündə yeraltı təkanlar olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.