Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş məhdudlaşdırıcı tədbirlərin kobud şəkildə pozulması halında Yaponiyadan deportasiya edilə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Oyunların təşkilatçıları tərəfindən çərşənbə axşamı yayımlanan idmançılar üçün yenilənmiş qaydalarda deyilir.
COVID ilə bağlı məhdudlaşdırıcı tədbirlərə əməl etməyənlərin cərimələnə, yarışlarda iştirakdan kənarlaşdırıla və hətta icbari deportasiya oluna biləcəyi vurğulanır. Qayda pozuntularına maska taxmaqdan, sosial məsafəni qorumaqdan imtina etmək, təşkilatçılar tərəfindən ziyarət üçün əvvəlcədən təsdiq olunmayan yerlərə baş çəkmək, eləcə də tibbi müayinədən keçməkdən imtina etmək daxildir.
Oyunları işıqlandırmaq istəyən jurnalistlər, habelə nümayəndə heyəti üzvləri və milli komandaların xidmət personalı üçün yenilənmiş qaydaların da yaxın günlərdə dərc ediləcəyi gözlənilir.
Qeyd edək ki, Tokio olimpiadası 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Pandemiya səbəbindən yarış növbəti ilə təxirə salındı və indi 23 iyul-8 avqust aralığında keçiriləcək. Martın 20-də təşkilatçılar Oyunları əcnəbi azarkeşlər olmadan keçirməklə bağlı yekun qərar qəbul ediblər. Yaponiyalı azarkeşlərin buraxılması ilə bağlı qərar ölkədə koronavirusun yayılması ilə əlaqədar vəziyyətdən asılı olaraq iyun ayında veriləcək.