Sentyabrın 1-də “Boko Haram” radikal islamçı terror qruplaşmasının yaraqlılarının Nigeriyanın şimal-şərqindəki Mafa kəndinə hücumu nəticəsində azı 81 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” kəndin yerləşdiyi Yobe ştatının hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 150-yə yaxın silahlı kəndə sentyabrın 1-də yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 19:00) hücum edib. Onlar motosikletlə kəndə daxil olaraq tapança və əl qumbaralarından istifadə ediblər. Yaralıların sayı açıqlanmır.
“Boko Haram” 2002-ci ildə Nigeriyanın şimalında yaranıb və mərkəzi Borno ştatında yerləşir. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”ı böyük məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb.