Nigeriyanın paytaxtı Abucada binanın çökməsi nəticəsində azı 7 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Premium Times” qəzeti məlumat yayıb.
Məlumata görə, insident Sabon Luqbe rayonunda baş verib. “Punch” nəşrinin məlumatına görə, dağıntılar altında qalan təxminən 40 nəfərdən 5-i artıq xilas edilib. Hadisədən əvvəl bina qismən sökülmüşdü.
Qeyd olunur ki, çökmə söküntü texnologiyasının düzgün aparılmaması səbəbindən baş verə bilər. Abucanın Fövqəladə Hallar İdarəsinin nümayəndəsi Nkeçi İsa binanın dağıntıları altında başqa cəsəd tapılmadığı üçün axtarış-xilasetmə işlərinin dayandırıldığını bildirib.
Nigeriyanın Mühəndis Tənzimləmə Şurasının məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə qəzalı vəziyyətdə olan binaların çökməsi ilə bağlı azı 22 hal yaşanıb. İyulda Nigeriyanın şimal-mərkəzindəki ikimərtəbəli məktəbin çökməsi nəticəsində isə 22 şagird ölmüşdü.